Almaniyanın paytaxtı Berlində terror hücumu həyata keçirməkdə təqsirləndirilən Abdul Ballutun DNT nümunələri izdihamın içinə girən avtomobilin içərisində tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBB radiosu Almaniya Federal Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, avtomobildə aşkar edilən DNT izləri yalnız Abdul Balluta məxsus olub. Nəqliyyat vasitəsində başqa heç bir şəxsə aid bioloji iz müəyyən edilməyib.
İstintaq bu faktı əsas götürərək, avtomobili hadisə zamanı məhz Abdul Ballutun idarə etdiyini əsas versiya kimi qiymətləndirir.
Həmçinin bildirilib ki, avtomobil onun tərəfindən icarəyə götürülüb. Nəqliyyat vasitəsində şübhəlinin mobil telefonu da aşkarlanıb.
Xatırladaq ki, iyulun 25-də axşam saatlarında livanəsilli, 21 yaşlı Almaniya vətəndaşı Abdul Ballut Berlinin mərkəzində yerləşən Tirqarten parkında LGBT icmasının hüquqlarını müdafiə edən aksiya iştirakçılarının üzərinə avtomobil sürüb.
Almaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, o, daha sonra insanlara maçete ilə də xəsarət yetirib.
Son məlumata əsasən, hadisə nəticəsində bir qadın həlak olub, 31 nəfər yaralanıb.
Bildirilib ki, Ballutun idarə etdiyi avtomobildə onun İŞİD terror qruplaşmasına tərəfdarlığını ifadə etdiyi videoetirafın olduğu mobil telefon da tapılıb.
İyulun 26-da keçirilən xüsusi əməliyyat zamanı hücumçu zərərsizləşdirilib.
Məlumata görə, Abdul Ballut 2026-cı ilin may ayında Tirqarten Rayon Məhkəməsinin qərarı ilə dövlət təhlükəsizliyinə qarşı ağır zorakı cinayətin hazırlanması maddəsi üzrə 1 il 10 ay azadlıqdan məhrum edilib.
Prokurorluq isə bu cəzanı yüngül hesab edərək onun 2 il 10 ay həbs cəzasına məhkum edilməsini tələb edib və hökmdən apellyasiya şikayəti verib.
Apellyasiya baxışı davam etdiyi müddətdə polis Abdul Ballutu gizli nəzarətdə saxlayıb və telefon danışıqlarını dinləyib.