"Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Çünki müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur. Hətta elə təşkilati modellər var ki, biz onları tətbiq edirik. Məsələn, "Yüksəliş" müsabiqəsində bu proqramlardan istifadə edirik və bunu həyata keçirmək imkanlarımız var. Sadəcə, onların izahı daha mürəkkəbdir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
DİM sədri keçid ballarının necə formalaşdığını bir daha xatırladıb:
"Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur. Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik. Nəhayət, elə bir vəziyyət yarandı ki, hüquq fakültəsinin keçid balı ilə riyaziyyat müəllimliyi ixtisasının keçid balı eyni oldu. Bir vaxtlar bu səviyyədə olan uşaqlar hüquqa gedirdilərsə, indi isə riyaziyyat müəllimliyini də seçirlər. Bu, cəmiyyətimiz üçün çox yaxşı bir dəyişiklikdir. Kim hansı ixtisası seçəcək? Əlbəttə, ənənəvi seçimlər var. Amma bu ənənəvi seçimlər zamanla dəyişir.
Son on ildə IT texnologiyalarına marağın necə artdığına diqqət edin. Bundan sonra da dəyişikliklər olacaq. Bu proses tədricən gedir. Biz bir il əvvəlcədən deyə bilmərik ki, hansısa ixtisas üzrə keçid balları aşağı düşəcək, yoxsa artacaq. Təbii ki, ola bilər, hansısa ixtisas bağlansın və ya plan yerləri azalsın. Bu halda keçid balları arta bilər. Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Amma hələ bununla bağlı yekun məlumat yoxdur. Ona görə də qəti fikir söyləmək düzgün olmaz" , - deyə M.Abbaszadə vurğulayıb.