Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) K qrupunda Portuqaliya və Özbəkistan milliləri arasında 2-ci turun oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində baş tutmuş matç portuqaliyalıların inamlı qələbəsi ilə yekunlaşıb - 5:0.
Avropa təmsilçisindən Kriştianu Ronaldu dubla (6 və 39-cu dəqiqələr) imza atıb. Portuqaliya yığmasının digər qollarının müəllifləri müvafiq olaraq 17-ci və 88-ci dəqiqələrdə fərqlənmiş Nunu Mendeş və Rafael Leau olublar. Qapıçı Abduvohid Nematov 60-cı dəqiqədə topu öz qapısından keçirməklə rəqib komandanın üstünlüyünü daha da artırıb.
Bu nəticə ilə Portuqaliya millisi xallarını 4-ə çatdıraraq mundialda ilk qələbəsini qazanıb. Özbəkistan yığmasının aktivində isə xal yoxdur.
Qeyd edək ki, iyunun 24-də, səhər saat 06:00-da K qrupunda Kolumbiya və Konqo DR yığmaları da qarşılaşacaqlar.