Bakının Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət axtarışı şöbəsinin əməkdaşları 22 yaşlı peşəkar cüdoçu Rauf Əliyevi yaralamaqda şübhəli bilinən Rafiq Ramiz oğlu Əliyevi saxlayıblar.
Bu barədə Vesti.Az-a Suraxanı RPİ-dən məlumat veriblər.
Polisdən bildiriblər ki, aprelin 28-də Rafiq Əliyev içkili vəziyyətdə toydan Qaraçuxur qəsəbəsindəki evinə qayıdırmış. Qaldığı məhəllədə özgə adamı görən Rafiq Raufa yaxınlaşıb və məhəlləyə nə üçün gəldini soruşub.
Onun danışıq tərzi idmançının xoşuna gəlməsə də, cüdoçu ayaq üstə güclə dayanan Rafiqə bildirib ki, dostunu – hərbi qulluqçunu avtomobillə bura gətirib və elə indi onu gözləyir. Lakin bu cavab Rafiq Əliyevi qane etməyib və o, idmançını söyməyə başlayıb. O zaman Rauf Əliyev içkili məhəllə sakinini vurub və gənc insanlar dalaşmağa başlayıblar. Qüvvələrin qeyri-bərabər olduğunu görən Rafiq bıçağı çıxararaq, idmançının ürək nahiyəsinə soxub. Törətdiyi cinayətdən sonra Əliyev hadisə yerindən qaçıb gizlənib.
Qeyd edək ki, ağır yaralı idmançı hələ də Mərkəzi Neftçilər Xəstəxanasındadır.
Faktla bağlı araşdırma davam edir.
www.vesti.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin