“Çəkilişdən evə gələndə küçədə iki nəfər uşaq mənə hücum edib çantamı almaq istədi. Çantada heç nə yox idi, bir telefon bir də möhür. Uşaqlardan biri mənə necə zərbə vurdusa, yerə yıxıldım. Sonra mənə dayanmadan zərbə vurdular”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə küçə uşaqları və travmalı azyaşlılarla bağlı işin önəmindən danışarkən deyib.
Onun sözlərinə görə, 2000-ci illərdə sadəcə olaraq rejissor kimi fəaliyyət göstərib. Lakin, bir dəfə küçədə yetkinlik yaşına çatmayan uşaqların hücumuna məruz qalması onu küçə uşaqlarının reabilitasiyası ilə bağlı məsələlərin gündəmə gətirilməsinə sövq edib:
“Mən sadəcə rejissor kimi çalışırdım və başqa heç bir işə, gəlirə ehtiyacım yox idi. İllər əvvəl bir gün çəkilişdən evə qayıdarkən çantamı oğurlamağa çalışdılar. Küçədə iki yetkinlik yaşına çatmayan oğlan uşağının hücumuna məruz qaldım. Hadisə Bakıxanov qəsəbəsində olmuşdu. 16-17 yaşlı küçə uşaqları məni o qədər döydü ki, bütün bədənimdə hematomalar yarandı. Onların üzlərini görmədim, amma o ərazidə çox olduqları üçün xatırlaya bildim. Polisə şikayət verdim və şikayət əsasında araşdırma aparıldı. Onları tapdılar və məni polisə dəvət etdilər. Mən sadəcə uşaqlarla təklikdə danışmaq istədiyimi dedim.
Məlum oldu ki, uşaqlardan biri toksik maddələr qəbul edir, digərinin isə anası xəstə olduğu üçün oğurluq edir. Mən şikayətimi geri götürdüm. İlk işlədiyim isə elə o uşaqlar oldu. Bu hadisədən sonra mən küçə uşaqlarının nə qədər köməyə ehtiyacı olduğunu daha yaxşı başa düşdüm. Artıq 2000-ci illərdən insan alverinə qarşı mübarizə tədbirlərinə vətəndaş kimi köməklik göstərməyə başladım. Bu sahəni bildiyimiz üçün mübarizə ilə bağlı düzgün istiqamətdə addımlar ata bilirdik. Bu uşaqlarla işləməsək kim bizə zəmanət verir ki, onlar sabah bizim övladlarımıza, nəvələrimizə elə özümüzə hücum çəkməyəcək?! Küçə uşaqları cinayətin tam astanasındadırlar. Onların sabah cinayətkar olmasını istəmiriksə, normal həyata qayıtması üçün ciddi reabilitasiya işləri aparılmalıdır”.
K.Ağazadə deyir ki, hazırda fəaliyyət göstərən sığınacağı da məhz bu hadisədən sonra genişləndirməyə başladığını deyib:
“Burada həm psixoloq, psixiatr, pediatr, nevroloq, loqoped və s. bir çox sahələrin nümayəndələrinin birgə fəaliyyəti nəzərdə tutulmalıdır. Gələcəyimizi xilas etmək istəyiriksə, bu uşaqları unutmaq olmaz. Hazırda sığınacaq hüquqlarını müdafiə etdiyimiz uşaqlar var. Onlarla reabilitasiya işləri aparılır. Lakin, uşaqların sayı artdığı üçün hazırkı sığınacaqda onlar üçün uyğun şəraitin yaradılmasında müəyyən çətinliklərlə qarşılaşırıq. Bu səbəbdən sığınacağın daha uyğun bir əraziyə köçürülməsinə çalışırıq. Bu istiqamətdə sığınacaqdakı uşaqlara yardım etmək istəyən sahibkarlara, vətəndaşlara səslənərək, onlardan bu məqsədlə dəstək gözləyirik”.
Sığınacağa yardım etmək üçün aşağıdakı bank hesabına ianələr köçürə bilərsiniz:
:640.jpeg)
Könül Cəfərli