Almaniyanın "Deutsche Bank" bankı yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismarı məqsədilə insan alverinə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynə daxili xəbərdarlıqlara baxmayaraq, bir neçə il ərzində bank xidmətləri göstərib.
Oxu.Az ZDF telekanalına istinadən xəbər verir ki, bu barədə "Inside Deutsche Bank" adlı beynəlxalq araşdırmada məlumat verilib.
Araşdırmada 200-dən çox jurnalist iştirak edib. Onlar bankın 15 milyondan çox daxili sənədini və elektron məktubunu araşdırıblar.
Məlumatlara görə, Epşteyn 2013-cü ildə, yəni 2008-ci ildəki cinayət işi üzrə cəzasını çəkdikdən sonra "Deutsche Bank"ın müştərisi olub. İddialara əsasən, onun müştəri kimi qəbul edilməsinə bankın aktivlərin idarə edilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və reputasiya riskləri üzrə bölmələri razılıq verib.
ZDF-nin məlumatına görə, bankın maliyyə cinayətləri ilə mübarizə şöbəsinin rəhbəri Brayan Hagertinin 7 may 2020-ci il tarixli hesabatında Epşteyn və onun ətrafı ilə əlaqəli 3 135 şübhəli əməliyyatın aşkarlandığı qeyd olunub. Bu əməliyyatların ümumi məbləği təxminən 580 milyon dollar (986 milyon manat) qiymətləndirilib.
Yoxlamaların nəticəsində şübhəli fəaliyyətlə bağlı 21 bildiriş hazırlanıb. Hesabatda qadınlara edilən ödənişlər, saxta şirkətlərin fəaliyyəti və Epşteynin ehtimal olunan əlbirlərinə pul köçürmələri qeyd olunub.
Bundan əlavə, bankın Epşteynin Litl-Sent-Ceyms adlı şəxsi adasında Şərqi Avropadan olan qadınların yaşayış xərclərini ödəyən şirkətin ödənişlərini həyata keçirdiyi bildirilir.
"Deutsche Bank" Epşteynlə əməkdaşlığı dayandırmaq qərarını 2018-ci ilin dekabrında verib. Bank onun son hesablarını isə 2019-cu ilin iyulunda - Epşteyn ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən həbs edildikdən üç gün sonra bağlayıb.
"Der Spiegel"in məlumatına görə, bank Epşteynə xidmət göstərdiyi müddətdə təxminən 1 milyon avro (1,85 milyon manat) gəlir əldə edib. Daha sonra "Deutsche Bank" onu müştəri kimi qəbul etməsini səhv qərar adlandıraraq buna görə təəssüfünü bildirib.
Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxslərin alveri ittihamı ilə yenidən həbs olunub. Bir ay sonra o, həbsxana kamerasında ölü tapılıb.