Bakının Sabunçu rayonunda içməli su kollektorunda qəza baş verən ərazidə müvafiq işlər aparılır.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildiriblər.
"Balaxanıda çöllük ərazidə müşahidə edilən axıntı vantusda baş verən nasazlıqla əlaqəlidir. Məsələ ilə bağlı Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb edilib. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir", - deyə açıqlamada qeyd olunur.
Bakının Sabunçu rayonu ərazisində içməli su kollektorunda baş verən qəza ətraf ərazilərdə ciddi subasmaya və keçilməz vəziyyətin yaranmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, Məmmədli kəndi ilə Balaxanı qəsəbəsi arasında yerləşən ana kollektorda problem yaranıb.
"Kollektor bir neçə gündür daşır və ərazini su basır. Üç rayonun ana kollektor qovşağından günlərdir axan su səbəbindən ətrafda göl yaranıb", - deyə bildirilib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.