Xətai rayonunun Köhnə Günəşli qəsəbəsi, Rüfət Əsgərov küçəsində aparılan qazıntı işlərindən sonra yol keçilməz hala düşüb.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, ərazidə yüksək gərginlikli elektrik xətlərinin yerin altına keçirilməsi üçün qazıntı aparılıb, lakin işlər keyfiyyətsiz şəkildə icra olunub.

"Nəticədə lyuklar yol səthindən hündür vəziyyətdə qalıb, həmçinin qazıntı zamanı su xətlərimiz də zədələnib. Su xətləri hazırda yüksək gərginlikli elektrik kabellərinin üzərində yerləşir. Bu isə təhlükə yaradır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin heç bir tədbir görülməyib. Xətlər dəyişdirilməyib, yol isə yararsız vəziyyətdə qalıb", - deyə şikayətçi vurğulayıb.



Xətai Rayonu İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlə bağlı müvafiq qurumlara məlumat verilib.
"Bakı Sukanal İdarəsindən bildirildi ki, xəttin əsaslı təmirə ehtiyacı var. Tədbir görüləcək", - deyə məlumatda bildirilib.
"Azərişıq"ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin ərazidə əvvəllər 35 kV-luq ikidövrəli hava xətti olub:
"Orada xətlər tikililərin üstü ilə keçirdi. Təhlükəsizlik məqsədi ilə onlar kabellə əvəzlənib və yeraltı çəkilib. İşlər yekunlaşmaq üzrədir. Lyukların üzdə olmasının səbəbi işlərin yekunlaşmaması ilə bağlıdır. Asfalt örtüyü yenilənir. 2-3 gün ərzində sonuncu asfalt örtüyü də vurulacaq. O ki qaldı əraziyə suyun yığılmasına, onun bizim çəkdiyimiz xətlə heç bir əlaqəsi yoxdur. Həmin ərazidə heç bir xətti zədələməmişik", - deyə açıqlamada vurğulanıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şikayətlə bağlı müvafiq sukanal idarəsində iş əmri açılıb:
"Əraziyə briqada göndəriləcək və lazımi işlər görüləcək".
Əzizə İsmayılova