Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Konstitusiya və Suverenlik İli"ndə media gündəmi" panel müzakirəsi baş tutub
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forum çərçivəsində "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi" adlı panel müzakirəsi baş tutub.
Oxu.Az xəbər verir ki, paneldə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak ediblər.
Paneldə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Anar Eyvazov bildirib ki, bəzi hallarda bilərəkdən və ya bilməyərəkdən mediada və sosial şəbəkə platformalarında mövcud məhdudiyyətlər nəzərə alınmadan, hətta məxfi məlumatlar paylaşılır:
"Bu cür halların qarşısının alınması məqsədilə preventiv tədbirlər həyata keçirilir. Müdafiə sahəsində informasiyanın düzgün idarə olunması milli təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır", - deyə polkovnik vurğulayıb.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov isə çıxışında məhkəmə proseslərinin işıqlandırılmasında medianın rolundan danışıb. O qeyd edib ki, ictimai məsələlərin obyektiv və balanslı təqdimatı cəmiyyətin hüquqi maarifləndirilməsi baxımından önəmlidir:
"Konstitusiya Məhkəməsi vətəndaşların müraciətlərinə açıqdır və mediaya bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bakıda aparılan abadlıq-quruculuq işləri zamanı söküntü prosesində mülkiyyət hüququnun qorunması, kompensasiyanın təmin olunması ilə bağlı qəbul etdiyimiz qərarlar da ictimai maraq doğuran nümunələrdəndir".
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ləman Hüseynzadə çıxışında qurumda aparılan islahatlar və rəqəmsallaşma prosesi barədə məlumat verib. O bildirib ki, yaxın vaxtlarda istifadəyə veriləcək "Mobil İcra" tətbiqi vətəndaşlara icra prosesini real vaxt rejimində izləməyə imkan yaradacaq:
"Bu yenilik şəffaflığın artırılmasına, vətəndaş-məmur münasibətlərində çevikliyin təmin edilməsinə xidmət edəcək".
Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli isə media ilə qurumun əməkdaşlıq istiqamətlərindən bəhs edib. O, jurnalistlərin müraciətlərinə operativ cavab verilməsi, insan hüquqları ilə bağlı məlumatların daha geniş yayılması üçün Ombudsman Aparatının açıq platforma olduğunu vurğulayıb.
Panelin sonunda iştirakçılar media ilə dövlət qurumları arasında kommunikasiyanın gücləndirilməsi, məlumatların ictimaiyyətə çatdırılmasında şəffaflığın və hüquqi çərçivəyə riayətin vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Aləmdə Nəsib
"Medianın İnkişafı Agentliyi" teqi üzrə xəbərlər
- Özbəkistan nümayəndə heyəti Azərbaycanın dövlət orqanlarının fəaliyyəti ilə tanış olub
- Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşüb
- Medianın İnkişafı Agentliyində Özbəkistanın rəsmi şəxsləri ilə görüş keçirilib
- Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir
- Vəli Məmmədov: "Parklanmanın olmaması obyektlərin fəaliyyətinə mane olmur"