Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 13 136 nəfər tibb və 2 905 nəfər qeyri-tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18,3 milyon manat müddətli əlavə ödənilib.
Agentlikdən verilən məlumata görə, müddətli əlavələr Bakı şəhəri üzrə 33 və respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçisinə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada hesablanıb:
1. Tibbi profilaktik tədbirləri həyata keçirən 2 537 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində cəmi 2,1 milyon manat ödənilib.
2. Təcili tibbi yardım xidməti göstərən 3 383 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 461 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4,1 milyon manat ödənilib.
3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6 755 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 10,2 milyon manat ödənilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Agentlik tərəfindən yanvar ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən 45 nəfər könüllüyə adambaşına aylıq 250 manat olmaq şərtilə, yanvar ayı üzrə ümumilikdə 11,2 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən fevral ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.