Bu gün saat 2:30 radələrində, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, Mehdi Mirzəyevin idarə etdiyi MAN markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.
"Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.
YPX Alayının əməkdaşları tərəfindən hadisə yeri nəzarətə götürülüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır", - məlumatda deyilir.
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, xurma ilə dolu yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya