"Özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın şərtlərinə riayət edilməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzarət edir".
Bunu Oxu.Az-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Kənan Səfərzadə Səhiyyə Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikasında yoxlamaların keçirilməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən Qanunun bir nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziya şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslanılmış təqdimat göndərir.
Vəkil həmçinin qeyd edib ki, həmin Qanunun 6.3.4-cü maddəsinə əsasən, bu Qanunun bir nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə lisenziya verən orqan verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziya barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən üç iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir:
"Özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın şərtlərinə riayət edilməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzarət edir. Lisenziyanın sahibi tərəfindən şərtlər yerinə yetirmədikdə və ya digər neqativ hallar olduqda, lisenziya verən tərəfindən lisenziya müəyyən müddətə dayandırıla bilər".
Vəkil onu da əlavə edib ki, həmin dayandırılma müddəti ərzində lisenziya sahibi tərəfindən bu fəaliyyətlə yenidən məşğul olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinin tələbləri pozulmuş olur:
"Belə ki, 210-cu maddəyə əsasən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmaq inzibati məsuliyyətə səbəb olur. Belə olan halda fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manat məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 30 000 manat məbləğdə cərimə edilirlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır".
"Səhiyyə Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikası MMC-də yoxlama keçirilib".
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, 2025-ci ilin martın martın 7-də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən "Laser Beauty Estetik" klinikasında plandankənar yoxlama keçirilib:
"Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Estetik" klinikasının həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.
Lakin orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.
Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, "Laser Beauty Estetik" klinikasına inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib".
Bir müddət əvvəl fəaliyyətində nöqsanlar aşkar edilən və lisenziyasının dayandırılması ilə bağlı müraciət edilmiş qalmaqallı klinika fəaliyyətini davam etdirir.
Məsələ ilə bağlı Oxu.Az "Laser Beauty Estetik" klinikasına sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq klinikanın informasiya şöbəsinin rəhbəri Kəmalə Əsədova deyib ki, fəaliyyətin dayandırması ilə bağlı onlara heç bir məktub və ya bildiriş gəlməyib.
O bildirib ki, belə bir məktub almadıqlarına görə hazırda fəaliyyətlərini davam etdirirlər.
K.Əsədova qeyd edib ki, klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərləri mediada görüblər:
"Biz bundan sonra Səhiyyə Nazirliyinə müraciət etmişik, amma hələ bizə geri dönüş olmayıb. Buna görə də hazırda fəaliyyətimizi davam etdiririk".
"Biz şəhərin mərkəzində fəaliyyət göstəririk. Bizə lisenziyamızın dayandırılması ilə bağlı bildiriş, məktub gəlsə idi, fəaliyyətimizi dayandırardıq. Analitik Ekspertiza Mərkəzi klinikamızda mütəmadi yoxlamalar aparır. Kiçik nöqsanlar aşkarlandıqdan sonra klinikada təkrar yoxlama aparılıb və nöqsanların aradan qaldırıldığı görülüb", - deyə o əlavə edib.
Qeyd edək ki, Oxu.Az İqtisadiyyat Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikasına lisenziyasının dayandırılması ilə bağlı göndərilmiş sənədi əldə edib.
Xatırladaq ki, martın 5-də İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində "Laser Beauty Estetik" klinikasının filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub. Bundan sonra Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Estetik" klinikasının İsmayıl bəy Qutqaşınlı küçəsindəki filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb.
"Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub", - deyə məlumatda bildirilmişdi.
Aləmdə Nəsib