Lənkəran rayonunda Xəzər dənizi sahilində müşahidə olunan mazut parçaları ilə əlaqədar ərazidə monitorinq aparılıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilib.
Qeyd olunub ki, xidmətin 5 saylı Lənkəran-Astara regional bölməsinin əməkdaşları bu gün həmin ərazidə monitorinq aparıblar.
"Monitorinq zamanı vizual olaraq suda neft ləkələri müşahidə edilməyib. Lakin dəqiq nəticələr üçün sahildən su nümunələri götürülərək analiz olunması məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analiz nəticələrinin təhlilindən sonra ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Xəzər dənizinin Lənkəran sahilində mazut qırıntıları müşahidə olunur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunda Xəzər dənizi sahilində müşahidə olunan mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub. Dalğaların sahilə çıxardığı neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.
Sakinlər bildirir ki, son vaxtlar havanın küləkli olması çirklənməni daha da artırıb. Balıqçılar isə mazut qalıqlarının torlara yapışaraq ovu çətinləşdirdiyini, qayıqlara zərər vurduğunu deyirlər.
Mütəxəssislərin sözlərinə görə, bu, karbohidrogen tərkibli neft qalıqlarıdır:
"Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində, dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur".
Ekoloqlar problemin həllini sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasında və monitorinqlərin gücləndirilməsi və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsində görürlər.