Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Leyla və Arif Yunuslar məhkəmədə son söz dedilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə müdafiə tərəfi çıxış edib.
Leyla Yunusun vəkili Ramiz Məmmədov müdafiə etdiyi şəxsin tanınmış hüquq müdafiəçisi olduğunu, səhhətində ciddi problemlər yarandığını qeyd edərək məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Leyla Yunusun digər vəkili Elçin Qəmbərov və Arif Yunusun vəkili Əfqan Məmmədov da müdafiə etdikləri şəxslərlə bağlı bəraət hökmü çıxarılmasını istəyiblər.
Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edib.
Prokuror vəkillərin təqsirləndirilən şəxslərə bəraət verilməsi haqda söylədiklərinin əsassız olduğunu deyib. O, Leyla Yunusa təzyiq olması barədə deyilənlərin də həqiqətəuyğun olmadığını bildirib.
Daha sonra Leyla Yunus söz deyib. L. Yunus son sözündə özünü təqsirli bilmədiyini, ittihamları qəbul etmədiyini açıqlayıb.
Arif Yunus da son sözündə özünü təqsirli bilmədiyini elan edib. O, səhhətində problemlər olduğunu, hipertoniyadan əziyyət çəkdiyini, indiyə qədərki fəaliyyətindən peşman olmadığını bildirib.
Çıxışın sonunda Arif Yunusun səhhətində problem yaranıb.
Prosesdə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə hökmünün elan olunacağı gözlənilir.
Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.
Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Rəylər