Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lütfi Zadənin bolşevik “qonşuları” – FOTO
Azərbaycanın ən çox ziyarət olunan məkanlarından biri “Fəxri Xiyaban”dır.
Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, həm dövlət xadimləri, həm xarici qonaqlar, həm də sıravi vətəndaşlar bu qəbiristanlığı, demək olar ki, ziyarətçisiz qoymurlar.
Azərbaycanın dahi şəxsiyyətlərinin dəfn olunduğu məzarlıqdakı heykəllər, büstlər xaricilər tərəfindən maraqla qarşılanır. Mərhum prezidentlər – Heydər Əliyev və Əbülfəz Elçibəydən tutmuş Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Xəlil Rza Ulutürkə qədər görkəmli şəxslərin dəfn olunduğu məkanda yeni bir “ev” sahibi də var. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin də son mənzili “Fəxri Xiyaban”dadır.
Ancaq “qonşunu göstər, deyim kimsən” misalı Lütfi Zadə üçün heç də arzuolunan deyil. Belə ki, “Fəxri Xiyaban”da o qədər boş ərazi olduğu halda, şəhər rəhbərliyi dünya şöhrətli alimə qonşu olaraq, 26 Bakı Komissarının silahdaşlarını, o məşhur “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilən”ləri seçiblər. Daha doğrusu, Lütfi Zadə Əli Bayramov, Mir Fəttah Musəvi, Haşım Əliyev və digər “böyük inqilabçılar”ın yeni “qonşusudur”. Yəni 10 yaşında bolşevik zülmünə görə, Azərbaycanı tərk etmək məcburiyyətində qalan bir ailənin övladı olan Lütfi Zadə son mənzilində əbədi olaraq, həmin bolşeviklərlə yanaşı dəfn olundu. İnsanın axirəti ancaq bu qədər qeyri-səlis olarmış…
Lütfi Zadənin məzarı “Fəxri Xiyaban”ın bu küncündə yatan və gələn il 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Cümhuriyyətinə həqarət dolu bu qəbirləri yenidən gündəmə gətirdi. Müstəqilliyimizin bərpasından 26 il keçəndən sonra Bakı küçələrində “26 Bakı komissarı” lövhəsinin olduğunu xatırlayan meriya, yəqin ki, Lütfi Zadənin məzarının üstü götürülərkən, heç olmasa, Cümhuriyyətimizə təhqir olan bu ifadələrin silinməsi üçün də bir tədbir görəcək…
E.Ə.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
Rəylər