2014-cü ilin yanvar-may aylarında Azərbaycan ərazisində 1 malyariyaya yoluxma qeydə alınıb.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı tropik malyariyaya Afrika ölkələrinin birində yoluxub.
“O, Syerra-Leona məzuniyyətə gedib, Bakıya qayıtdıqda isə xəstəlik özünü biruzə verib. Düzgün təyin edilən müalicə kursundan sonra o, tamamilə sağalıb”, - S.Məmmədov qeyd edib.
Bundan sonra isə 2013-cü ilin yanvar-may aylarında ölkə ərazisində 3 malyariyaya yoluxma hadisəsinin qeydə alındığını əlavə edib. Hər üç nəfər tropik malyariyaya CAR və Syerra-Leonda yoluxublar. Malyariyaya yoluxma hadisəsinin biri Gəncədə, qalanları isə Bakıda qeydə alınıb.
Malyariyanın bir neçə növü var: tropik, dördgünlük və üçgünlük. Mütəxəssisin fikrinə görə, bizim ölkədə ən çox yayılan forma üçgünlük malyariyadır.
“Xəstədə 40-48 saatdan bir tutmalar baş verir. Malyariyanın simptomları qızdırma, üşütmə, əzələ ağrıları və qusmadır. Cari və keçən il ərzində ölkə ərazisində malyariyaya yoluxma qeydə alınmayıb. Hal-hazırda xəstələnmə sayı azalır.
Bu xəstəlik insana anofeles növündən olan ağcaqanadların (malyariya ağcaqanadlarının) dişləməsi ilə ötürülür. Onlar ölkəmizdə əsasən Aran rayonlarında var. Üçgünlük malyariyadan Azərbaycanda ölüm hadisəsi qeydə alınmayıb”, - S.Məmmədov vurğulayıb.