Abşeron rayonunun Masazır kəndində sakinlər yol problemindən şikayətlənirlər. Cantəpə yaşayış massivinin Nəsimi küçəsində yaşayan sakinlərin sözlərinə görə, küçə Masazırı Binəqədi rayonu ilə birləşdirən alternativ yollardan biri olsa da, uzun illərdir təmiri tam başa çatdırılmayıb.
Baku TV-nin məlumatına görə, ərazidə aparılan müşahidə zamanı küçənin bir hissəsinin asfaltlandığı, digər hissəsinin isə torpaq yol olaraq qaldığı üzə çıxıb.
Sakinlər bildirirlər ki, yolu müəyyən qədər yararlı vəziyyətə gətirmək üçün dəfələrlə öz vəsaitləri hesabına işlər görüblər. Lakin bu, problemi tam həll etməyib.
Onların sözlərinə görə, yağışlı havalarda küçədə çökəkliklərdə su və palçıq yığılır. Bəzi hallarda yağış suları həyətlərə dolur. Yay aylarında isə torpaq yoldan qalxan toz sakinlərin gündəlik həyatını çətinləşdirir.
Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər edilib. Onlara küçənin asfaltlanacağı bildirilsə də, sonradan maliyyə çatışmazlığı səbəbindən işlərin təxirə salındığı deyilib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, kənd və qəsəbələrdəki daxili küçələr tərtib edilmiş plana əsasən mərhələli şəkildə asfaltlanır. Sözügedən küçənin də gələn il ərzində asfaltlanması nəzərdə tutulur.