Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yollardan birinin yararsız durumda olması sakinləri ciddi narahat edir.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, "Ramana Gülçülük" adlanan ərazidə yolun bərbad vəziyyətdə olması həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Bildirilib ki, xüsusilə 166 nömrəli marşrut avtobusundan istifadə edən sərnişinlər ciddi problemlə üzləşiblər: ictimai nəqliyyata minib-düşmək və ümumilikdə ictimai nəqliyyatdan rahat istifadə etmək mümkün olmur.
Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən ərazi Dövlət investisiya Proqramına daxil edildikdən sonra qurum tərəfindən təmin oluna bilər:

"Bununla bağlı rayon icra hakimiyyəti aidiyyəti üzrə məktub ünvanlayıb. Müraciət əsasında yolun təmir olunması məsələsi Proqrama daxil edildikdən sonra iş bizə həvalə olunacaq".