Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evi qrunt sularının yaratdığı problemlə üz-üzə qalıb.
Oxu.Az-a daxil olan şikayətdə bildirilib ki, qəsəbənin Xanlar küçəsi, döngə 2, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi qrunt sularının altında qalıb.
Şikayətçi iddia edib ki, ərazidə yaranmış vəziyyət evdə yaşayışı çətinləşdirib və problemin aradan qaldırılması üçün aidiyyəti qurumların müdaxiləsinə ehtiyac var.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən ərazidə xidmətin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
"Ərazinin qrunt suları ilə zəngin olması və intensiv yağışlardan sonra çökək ərazilərə yağış sularının dolması nəticəsində belə hal yaranıb. Həmçinin hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra geniş miqyaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır", - deyə məlumatda bildirilir.