Mayın 9-da koronavirusla bağlı vaksinasiyaya dair məlumatda peyvənd göstəricilərinin sıfır olması göstərilib. Göstəricilər sosial şəbəkədə müzakirələrə səbəb olub.
Həmin gün üzrə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər isə müalicə olunaraq sağalmışdı. Ölən isə olmamışdı.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əsas hədəf epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsidir:
“Hazırda ölkə ərazisində uğurla davam etdirilir. Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçiləri və risk qrupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub.
Son iki il ərzində virusla mübarizə tədbirləri ilə bağlı tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Yoluxmanın tempinin kəskin azaldılması, eyni zamanda virusa qarşı kütləvi immunitetin formalaşdığı əsas götürülərək may ayı ərzində qeyri-iş günlərində peyvəndlənmə prosesində iştirak edən tibb işçilərinə də istirahət verilməsi qərara alınıb. Statistikanın az olması qeyri-iş günlərində peyvənd prosesinin həyata keçirilməməsi ilə bağlıdır. Hazırda peyvəndlənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə ən yaxın tibb müəssisəsində peyvənd oluna bilərlər”.
Könül Cəfərli