Xaçmazda mədəniyyət mərkəzi bərbad vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət Xaçmaz rayonu Ləcət kəndindən gedir.
Belə ki, kənd ərazisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin balansında olan, Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin Ləcət kənd Folklor Klubu qəzalı vəziyyətdədir. Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti orqanların tədbir görməsini istəyir.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Xaçmaz Rayon Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. İdarədən Oxu.Az-a verilən məlumata görə, sözügedən bina özəlləşdirməyə çıxarılıb:
“Bu binanın digər hissələri bu qədər qəzalı vəziyyətdə deyil. Həmin hissələrdə fəaliyyət var. Ləcət kəndinin icra nümayəndəsi, klubun işçiləri də bu binada oturur. Eyni zamanda, binada kitabxana fəaliyyət göstərir. Xaçmaz rayonunda bu və bənzər vəziyyətdə olan binaların siyahısı hazırlanıb və aidiyyəti üzrə Əmlak Komitəsinə təqdim edilib.
Folklor Klubu da həmin siyahıda yer alır. Bina özəlləşdirməyə çıxarılıb. Vəziyyətdən asılı olaraq, özəlləşdirmə ilə bağlı proses uzun çəkərsə, binanın ləğv edilməsi nəzərdə tutulub. Özəlləşdirmə ilə bağlı əsasən, klub ilk olaraq 15 faiz aşağı qiymətə klubda çalışan işçilərə təklif olunur. Yox, əgər onlar imtina edirsə, tenderə çıxarılır. Pandemiya ilə əlaqədar görülməsi planlaşdırılan işlər müvəqqəti dayanıb. Fotolarda yalnız binanın zalı görünür. İçəridəki otaqlar bu qədər yarasız halda deyil. Ümumilikdə bina böyük olduğu üçün təmir-bərpa işləri böyük məbləğ tələb etdiyindən, bu, mümkün olmayıb. Gələcəkdə isə proseslər nə göstərər, dəqiq bilmirik”.
Könül Cəfərli