Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirin məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, konfransın ideyası noyabrın 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi aktual mövzulardan qaynaqlanır. O, medianın ədəbi dilin qorunmasında strateji rol oynadığını vurğulayıb.
Konfrans çərçivəsində ilk panel "Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti" mövzusuna həsr olunub və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilib.

Müzakirələr zamanı nitq mədəniyyəti, media nümayəndələrinin peşəkar məsuliyyəti və efir etikasının tələbləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, audiovizual media məkanında dil keyfiyyəti yalnız peşəkarlığın göstəricisi deyil, eyni zamanda cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amildir.
Azərbaycan Televiziyasının veteran diktoru Gülşən Əkbərova efir dilinin vəziyyətinə toxunaraq deyib:
"Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir".
Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə dilə münasibətin cəmiyyətin dəyərləri ilə birbaşa bağlı olduğunu qeyd edib:
"Ana dilində təhsil almaq başqa dillərdə təhsil almağın kölgəsində qalıb. Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır. Bu pozuntular artıq cəmiyyət üçün ciddi siqnaldır".
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxışında institutda görülən işlər barədə məlumat verib:
"Orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır. Bütün bu layihələr Azərbaycan dilinin saflığını, sabitliyini və inkişafını təmin etmək məqsədi daşıyır".
Konfransın ikinci panel sessiyası "Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları" mövzusuna həsr olunub.

Müzakirələrdə vurğulanıb ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan media nümayəndələrinin məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi və dil monitorinq mexanizmlərinin genişləndirilməsi vacib sayılıb.