Azərbaycanda Media və Yayım Şurası adlı yeni qurum yaradılır.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb.
Qeyd olunur ki, sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Bu baxımdan, Media və Yayım Şurası adlı qurumun yaradılması təklif olunur.
Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura müəyyən edilir.
Bildirilir ki, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
Sənədə əsasən, "Media haqqında" Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur.
Vurğulanır ki, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.
Xatırladaq ki, ölkədə audiovizual media sahəsini tənzimləyən dövlət orqanı Audiovizual Şura, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxs isə Medianın İnkişafı Agentliyidir.
"Media haqqında" nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) müəyyən səlahiyyətlərinin (MEDİA - red.) yeni yaradılacaq Şuraya həvalə edilməsi təklif olunur.