"Gəlmələr" franşizasının ilk iki ekran işində rol alan fransız aktyor Kristian Büjo 81 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçini təmsil edən "Singularist" istedadlar agentliyi özünün "Instagram" hesabında məlumat yayıb.
Paylaşılan məlumatda qeyd olunur:
"Sənin üçün darıxacağıq: söhbətlərin, zarafatların, sarsılmaz dəstəyin və səxavətin üçün".
K.Büjo "Gəlmələr" filmində stomatoloq Jan-Pyer, "Kaamelott" komediya serialında isə silah ustası obrazlarını canlandırıb. Sənətçi "Jozefina: Mələk xilaskar", "Kafe kamerası", "Lui-antikvar dükanı", "Son beş dəqiqə", "Şərəfli qadın" və digər bir çox məşhur Fransa teleseriallarında çəkilib. Bundan əlavə, aktyor 2014-cü ildə ekranlara çıxan "Parisdə mətbəx" filmində restoran tənqidçisi rolunu ifa edib.
Karyerasının ilk illərində kaskadyor kimi çalışan Büjo həmçinin Saşa Qitri, Ejen İonesko, Jan Anuy, Jorj Feydo və Luici Pirandellonun pyesləri əsasında hazırlanan teatr tamaşalarında da səhnəyə çıxıb. Aktyor 2012-ci ildə "Hərəkət et, bacı" müziklində iştirak edib, eləcə də özünün şəxsi tamaşalarına quruluş verib.