Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı növbəti iddia üzrə qərarını açıqlayıb.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, AİHM Qobustan həbsxanasında ömürlük məhkum edilmiş Azərbaycan vətəndaşı Şakir Rzaxanovun işi üzrə qərarını açıqlayıb.
Qərara əsasən, Avropa Konvensiyasının 3-cü Maddəsi pozulub (qeyri-insani və ləyaqəti alçaldan münasibətin qadağan olunması). Nəticədə, iddiaçı mənəvi zərərə görə 7,5 min avro, çəkilən xərclərə görə daha 2 min avro alacaq.
Qeyd edək ki, 1961-cı il təvəllüdlü Şakir Rzaxanov məhkəmənin 1997-ci ildə çıxardığı qərara əsasən, adam öldürməyə görə Qobustan həbsxanasında ömürlük cəza çəkir.
Dustaq AİHM-ə pis saxlama şəraiti, o cümlədən qaldığı kameranın kiçik olması, ventilyasiyanın yoxluğu, yeməyin keyfiyyətsizliyi və s. bağlı müraciət edib. Onun sözlərinə görə, o, 2004-cü ildə həbsxana mühafizəçiləri tərəfindən döyülüb.