Sovet İttifaqı və Sloveniya qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo) (1918-1944) ölümünün 70-ci ildönümü ilə əlaqədar Sloveniyanın Nova Qoritsa rayonunda yürüş keçirilib.
Oxu.Az-ın AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisindən verilən məlumata görə, yürüş 1944-cü ildə Mixaylonun alman faşistlərinə qarşı döyüş zamanı həlak olduğu Vitovlye kəndindən başlayıb və dəfn olunduğu Çepovan kəndinədək (17,8 kilometr məsafədə) davam edib.
Yürüşün son məntəqəsində - M.Hüseynzadənin uyuduğu qardaşlıq məzarı üzərində ucaldılmış memorial kompleksi qarşısında Nova Qoritsa şəhəri meriyası, Partizan və Veteranlar Şurası, Sloveniya Döyüşçülər Birliyinin rəhbərliyi və eləcə də Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev çıxış ediblər.
Daha sonra tədbir ziyafət və konsert proqramı ilə yekunlaşıb.
Ötən ildən etibarən ölkəmizin səfirliyi tərəfindən “Azərbaycan döyüşçülərinin qəhrəmanlıq yolu ilə” adlı layihə həyata keçirilir. Yürüş həmin layihə çərçivəsində təşkil olunub.