Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məktəb seçiminə başlanılıb
Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq, qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinifə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədilə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur.
2020-2021-ci tədris ili üçün I sinifə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər.
Qeyd edək ki, məktəb seçimi zamanı hər hansı sualla qarşılaşan valideynlər məsələyə operativ aydınlıq gətirilməsi üçün şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yaza və ya iş günləri ərzində müvafiq “WhatsApp” nömrələrinə (+994 55 892-27-51; +994 55 892-63-90; +994 55 892-95-89), eləcə də, BŞTİ-nin Məlumat sorğu mərkəzinə (telefon: +994 12 599-12-22) zəng edə bilərlər.
Mövcud sanitar-epidemioloji vəziyyətin tələblərini nəzərə alaraq, heç bir halda BŞTİ-yə və ya ümumi təhsil məktəblərinə yaxınlaşmağa ehtiyac yoxdur.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Birinci sinifə elektron qeydiyyat sisteminin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Rəylər