Məktəbli formalarının əldə edilməsi ilə bağlı seçim valideynlər tərəfindən sərbəst şəkildə həyata keçirilir.
Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Qeyd olunub ki, valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, həmçinin yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Agentlikdən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən bununla bağlı müvafiq qərar qəbul olunub.
Sonda vurğulanıb ki, vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişdirilmədən tətbiq edilir.