İsveçrənin şərqindəki Tuzis şəhərində baş verən güclü yanğın nəticəsində beş nəfər itkin düşüb, daha səkkiz nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polisinin yaydığı məlumatda bildirilir.
Rəsmi qurumların məlumatına əsasən, hadisə restoran və yaşayış mənzillərinin yerləşdiyi binanın ikinci mərtəbəsində başlayıb. Tikili tamamilə yanıb kül olub.
Polisdən verilən məlumata görə, 14 nəfər yanan binanı tərk edə bilib. Onlardan səkkizi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki nəfərin vəziyyəti isə ağırdır. Daha beş şəxsin itkin düşdüyü ehtimal olunur.
Hazırda əməliyyat davam edir. Hüquq-mühafizə orqanları və prokurorluq yanğının başvermə səbəblərini birgə araşdırır.