Gələcəkdə buraxılış imtahanlarının nəticələrini yoxlamaq üçün monitorinqlər keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu tip monitorinqlər yalnız qapalı suallar deyil, o cümlədən yazılı işlərdə də olacaq.
“Bunun üçün bizə 10 000 müəllim lazımdır, amma əlimizdə olan pedaqoqların sayı isə cəmi 910 nəfər təşkil edir. Müəllim sayı artırıldıqdan sonra bu proses də sürətlənəcək," - deyə TQDK sədri biıdirib.
Məleykə Abbaszadənin sözlərinə görə, gələcəkdə liseylərdə də belə monitorinqlər keçirilə bilər.
“Biz çalışırıq ki, bu tip imtahanlarda, təkcə yaxşı deyil, zəif və orta səviyyəli şagirdlər də iştirak edə bilsinlər ki, monitorinqin nəticələri ədalətli ola bilsin.
Eyni zamanda monitorinqlərin nəticələri şagirdlərin taleyində həlledici rol oynamır, onları gələcək imtahanlara hazırlanması xarakteri daşıyır”, - deyə komissiya sədri deyib.
TQDK sədri həmçinin bildirib ki, məktəblərdə şagirdlər arasında monitorinq imtahanları VI və VII siniflər üzrə aparılacaq.
Onun sözlərinə görə, bu il monitorinq imtahanları V siniflər üzrə aparılmayacaq.
"İyun ayında Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar may ayında vaxtımız məhduddur. Ona görə də may ayında əlavə kütləvi tədbirin keçirilməsinə imkan yoxdur.
Hətta bu il buraxılış imtahanının vaxtında da dəyişiklik edilib. Bu il monitorinq imtahanları yalnız VI və VII siniflər üzrə keçiriləcək. Gələn il isə monitorinq imtahanları V siniflərdə də və Azərbayacn dili, Riyaziyyat fənni ilə yanaşı, başqa fənlərdən də təşkil olunacaq”, - o deyib.
Məleykə Abbaszadə qəbul imtahanlarının keçirilmə vaxtına da toxundu.
“Qəbul imtahanlarının vaxtı təsdiq olduqdan sonra, TQDK-nın rəsmi saytında açıqlanacaq”-deyə, o bildirib.
Ülviyyə R. Əli