Emilya Tağıyeva yazır…
"Mənə fikir vermir", "Evdəki varlığımla yoxluğum bilinmir", "İşdən gələn kimi ancaq uzanır", "Bütün günü telefonda qurdalanır, ya televizora baxır", "Bayramlarda hədiyyə almır", "Ad günüm, evlilik ildönümümüz yadından çıxır" və s. Yəqin, bir çoxunun ətrafında həyat yoldaşından belə şikayətləri olan xanımlar var. Adətən, onlara verilən tövsiyə isə belə olur: "İşi var, evi var, lazım olanda toya-bayrama gedirsən, əyin-başın da pis deyil, daha nə istəyirsən? O da adamdır, işdən gələndən sonra dincəlmək istəyir..."
Əslində, deyilənlər elə qadının özünə də məntiqli görünür. Amma bu, ona bəs eləmir, həyatında nəyinsə çatmadığını görür, səbəbsiz yerə əsəbiləşir, bəzən acığını uşaqlarından çıxır, sonda depressiyaya düşür. Kişi də "səbəbsiz yerə" bütün gün deyinən qadından bezir, evə daha gec gəlməyə başlayır, sakitlik axtarır, bəzən isə bu asayişi başqalarının yanında tapır. Nəticədə evdə söz-söhbət düşür, məsələ boşanmağa qədər gedir.
Bəs bu davalar, söz-söhbət niyə başlayır? Ağır iş günündən sonra evdə bir az dincəlmək üçün telefonda "TikTok"a baxmaq, ya dostlarla bir az çox vaxt keçirmək, yaxud da hədiyyə almaq, hansısa günü unutmaq niyə boşanmaya qədər aparan böyük problemlərə yol açsın ki? Diqqət etsək, hazırda sözləri bir-birinin boğazından keçməyən insanların hamısı olmasa da, əksəriyyəti bir-birini özləri tapıb, sevib, ailə qurublar. Bəs bu sevgi niyə evlənəndən bir müddət sonra bitir?..
Bu barədə çox düşündüm. Bunun qismən cavabını Ceyms Kemerondan, daha doğrusu, onun çəkdiyi "Avatar" filmindən aldım. Deyəcəksiniz, Azərbaycandakı boşanmalarla dünya şöhrətli rejissorun, ya da fantastik mövzuda çəkilən filmin nə əlaqəsi? İzah edim.
Filmdə diqqətimi ən çox cəlb edən məqamlardan biri mifik Na`vi qəbiləsində baş qəhrəmanların bir-birlərinə olan hisslərinin ifadəsi oldu. Onlar eşqlərini "səni sevirəm" kimi yox, "mən səni görürəm" deməklə bildirirlər. Əlbəttə, başqa dünyanın fərqli varlıqlarından bəhs edən fantastik filmdə hisslərin də qeyri-adi ifadəsi normaldır. Sadəcə, bir məsələdə ilişdim; niyə məhz "səni görürəm"?
Kemeronun bu ifadəni nə məqsədlə seçdiyini deyə bilmərəm, amma müasir zaman üçün çox mühüm bir problemə toxunub, mesaj verib: insanlar artıq bir-birini görmürlər. Bu, təkcə ər-arvad, sevgililər arasında məsələyə aid deyil; valideyn uşağını, müəllim şagirdini, qonşular, qohumlar, dostlar bir-birini görmürlər.
Mənim toxunmaq istədiyim məsələ evli şəxslərlə bağlı olduğundan mövzuya qayıdıram. Söhbət qəlb gözü ilə görməkdən gedir: bu elə baxışdır ki, arada məsafələr olsa belə, sevənlər bir-birlərini hiss edirlər. Ancaq bu gün elə ailələr var ki, bəzən bir masa arxasında əyləşən ərlə arvad bir-birini görmür.
Qadın bütün gün həyat yoldaşını gözləyir, kişi evə gəldikdə isə xanımını "görməməsi" onu özündən çıxarır. Əslində, məsələ hansısa xüsusi, ya adi gündə alınan bir dəstə güldə, hədiyyədə, yaxud da kişinin divan sevdasında və s. deyil. Balaca uşaq evdə özünə qarşı laqeydlik gördükdə necə çox dəcəllik edib diqqət çəkmək istəyirsə, qadın da bir müddət sonra özü də hiss etmədən qıcıq doğuran davranışlarla fikri özünə yönəltmək, qanqaraldanlıq olsa belə, "məni gör" demək istəyir.
Əlbəttə, ayrılığın işsizlikdən tutmuş, uşaq sahibi olmamağa, evdə qayınana ilə yola getməməyə, qısqanclığa və s. qədər bir sıra iqtisadi və sosial səbəbləri olur. Ancaq hesab edirəm ki, cütlüklər arasında ucalan divarın bir kərpici də məhz bu bir-birlərini görməməklə qoyulur.
Bəs nə etməli?
Qadınlar cəmiyyətimizdə hər zaman isti ocağın qoruyucusu kimi tanınıblar. Demirəm ki, narazı qalan məqamlara susulmalıdır. Əksinə, bu məsələlər qarşılıqlı söhbətlə həll edilməlidir. Çünki üstündən keçilən məsələlər istər-istəməz hər iki tərəfin davranışlarında aqressiyaya gətirib çıxarır.
Müzakirələr isə dava-dalaş, başqasını misal göstərmək, yaxud ultimatumla yox, uyğun vaxtda, sakit şəkildə, mehriban dillə aparılmalıdır.
Həyat yoldaşının laqeydliyini bildirmək üçün bəzən söz lazım deyil, qadın özü diqqət göstərərək siqnal ötürə bilər.
Eyni zamanda, kişilər qapını çırpıb getmək, ya da qışqır-bağır salaraq qadını qədirbilməzlikdə ittiham etmək əvəzinə, onun aqressiyasının səbəbini araşdıra bilərlər.
Əslində, həyat yoldaşları bir-birlərini müəyyən həddə tanıyır, nədən xoşu gəlib-gəlmədiyini, ona hansı yöndən yaxınlaşacağını qismən də olsa, bilirlər. Sadəcə, "mən niyə deməliyəm ki, özü başa düşsün" inadı göstərirlər. Ailə fərdləri arasında isə sevgisini göstərmək məsələsində qürurun yeri yoxdur.
Yeni il bir çoxlarımız üçün təkcə təqvimin dəyişməsi deyil, başlanğıclar dövrüdür. Ailələr bəzi problemlərin qismən də olsa həllinə elə bu məqamdan başlaya bilərlər: Həyat yoldaşları bir-birlərinə diqqət, qarşılıqlı hörmət, anlayış göstərməli, bir sözlə, "səni görürəm" deməlidirlər.
P.S. Mən psixoloq, ya da sosioloq deyiləm, heç bir tərəfə də bəraət qazandırmaq istəmirəm. Sadəcə, ətrafımda müşahidə etdiyim hadisələrdən sonra yuxarıda qeyd etdiyim qənaətə gəldim və bunlar şəxsi düşüncələrimdir.