Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) son vaxtlar müvafiq qanunvericiliklərə edilmiş dəyişikliklər nəzərə alınmaqla tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən ilkin və ya təkrar əlillik müayinəsinin aparılması üçün tələb olunan sənədlərin siyahısını, həmçinin dövlət hesabına mənzil, minik avtomobili, reabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təmin olunmaq üçün tələb edilən sənədlərin siyahılarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, indi bunun üçün nazirliyin rəsmi www.mlspp.gov.az internet saytında bir sıra təkmilləşdirmə işləri aparılıb. İlk olaraq sayta daxil olmaq imkanlarının genişləndirilməsi məqsədilə www.eesmn.gov.az domeni yaradılıb və artıq hər iki domenlə sayta müraciət etmək mümkündür.
“Avtomobillərlə təminat” alt-bölümündə dövlət hesabına minik avtomobili ilə təmin olunmaq məqsədilə tibbi göstərişin müəyyən edilməsi üçün TSEK-lərə təqdim olunan sənədlər yerləşdirilib.
Saytın “Fəaliyyət və xidmətlər” bölməsində reabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təmin olunmaq üçün tələb olunan sənədlərin siyahıları da əksini tapıb.
Qeyd edək ki, bu ilin əvvəlindən ünvanlı sosial yardım alanların, sosial müavinətlər və təqaüd alanların, mənzil alanların və növbədə duranların, avtomobil alanların və növbədə duranların siyahıları nazirliyin saytında ictimaiyyətə açıqlanıb.
Gülnarə Zeynalova
www.oxu.az