Azərbaycanın bəzi bölgələrində, o cümlədən Gəncədə əsrlərdir yaşadılan mütərəqqi Aşura adətləri mövcuddur. Bu adətlərdən biri də Məhərrəm ayının 10-cu günü - Aşura mərasimləri ərəfəsində yol kənarlarında ehsan süfrələrinin təşkil olunmasıdır. Bu süfrələr bir çox hallarda evləri yol üzərində yerləşən sakinlər, bəzən isə yol kənarındakı ticarət və xidmət obyektlərinin sahibləri tərəfindən qurulur. Ehsan süfrələrinin qonaqları isə adətən ətrafda yaşayan insanlar və yoldan keçən şəxslər olurlar.
"Biz hər il Aşura günü ehsan süfrəsi qururuq. Qonşular yığışırlar, hamı birlikdə paylaşır. Yoldan keçənlər isə daha çox olur - qadınlar, uşaqlar, tanımadığımız insanlar", - deyə sakinlərdən biri Baku TV-yə bildirib.
Başqa bir sakin isə qeyd edib: "Aşura mərasimi peyğəmbər ailəsinə böyük hörmət və ehtiramın ifadəsidir. Bu günün çox müsbət dəyərləri var, çox gözəl adətdir. Milli və dini kimliyimizin göstəricilərindən biridir. Ehsan süfrəsində təqdim olunan çörək, hətta adi su belə Allah yanında dəyərli sayılır və insanların ruhuna şəfa kimi yayılır".