"Selektiv abortlar, gender stereotipləri və erkən nikahlar cəmiyyətin gələcəyini təhdid edir".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr olunmuş "Azərbaycanda gender əsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları" mövzusunda ictimai müzakirə zamanı jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova deyib.
O bildirib ki, 11 iyul - Dünya Əhali Gününün əsas məqsədi qlobal və yerli səviyyədə demoqrafik məsələlərin gündəmə gətirilməsi, mövcud boşluq və problemlərə çıxış yollarının araşdırılmasıdır.
Onun sözlərinə görə, Azərbaycanda əhali ilə bağlı əsas problemlərdən biri selektiv abortlardır:
"Selektiv abort dedikdə, uşağın cinsinə, xüsusilə də qız olduğuna görə abort edilməsi nəzərdə tutulur. Abort bir qadının hüququdur, lakin burada söhbət sırf cinsinə görə uşağın dünyaya gəlməsinin qarşısının alınmasından gedir. Bu hal nəticədə cəmiyyətimizdə qız uşaqlarının sayının azalmasına səbəb olur".
O qeyd edib ki, bu disbalans artıq birinci siniflərdə, uşaq bağçalarında özünü göstərir:
"Oğlan uşaqlarının sayı qızlardan artıqdır. Bu isə gələcəkdə əhalinin azalması və reproduktiv gücün zəifləməsi kimi fəsadlara yol aça bilər. Axı qadın yoxdursa, uşaq da olmayacaq".
M.Məcidova bu vəziyyətin əsas səbəblərindən birinin gender stereotipləri olduğunu bildirib:
"Cəmiyyətdə belə bir yanlış yanaşma mövcuddur ki, oğlan ailənin davamçısıdır, hər kişinin oğlu olmalıdır. Bu kimi fikirlər qadınlara ciddi psixoloji və sosial təzyiqlər yaradır. Qadınlar tez-tez qayınana, qayınata, qonşu, icma tərəfindən "yaxşı gəlin deyilsən, çünki oğlan doğmamısan" tənələri ilə üzləşirlər".
Onun sözlərinə görə, cəmiyyətdə tez-tez "mən qızımla fəxr edirəm" deyənlər olsa da, bu düşüncə hələ ümumi ictimai şüura sirayət etməyib:
"Statistik rəqəmlər göstərir ki, hər ailə bu fikirdə deyil. Qız uşaqlarının dəyəri, təəssüf ki, oğlanlarla eyni tutulmur və bu səbəbdən də dəyər fərqi davam edir".
Şura üzvü əlavə edib ki, selektiv abortlardan sonra digər problem erkən nikahlar və məişət zorakılığıdır:
"Qızların sayının azalması fonunda bəzi ailələr onları erkən yaşlardan kimləsə göbəkkəsdi edir. Bu isə gələcəkdə onların fiziki və psixoloji sağlamlığına ciddi mənfi təsir göstərir və ictimai həyatda iştiraklarını məhdudlaşdırır".
O, insan alveri riskinin də artdığını qeyd edib:
"Əgər cəmiyyətdə qız uşaqları azdırsa, bu, onların alınması-satılması hallarının artmasına gətirib çıxara bilər".
M.Məcidova bildirib ki, bu proses cəmiyyətin maskulinizasiyasına, yəni kişilərin ictimai, siyasi və mədəni sahələrdə üstünlük təşkil etməsinə yol açacaq:
"Bu da gender balansına və cəmiyyətin sağlam inkişafına zərbə vurur".
O, sonda demoqrafik göstəricilərdəki disbalansa da toxunub:
"Normalda hər 106 oğlana 102 qız düşməlidir. Amma Azərbaycanda bu rəqəm 112 oğlan, 100 qız təşkil edir. Bu, həm ailə institutuna, həm də cəmiyyətin sabitliyinə ciddi təhlükədir".
Aləmdə Nəsib