"Peşə təhsili bütün dünyada olduğu kimi, Azərbaycanda da müasir dövrün tələblərinə uyğun olaraq rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayır".
Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən "Peşə Təhsili: nailiyyətlər və çağırışlar" konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli səsləndirib.

O bildirib ki, ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən, müasir təhsil proqramları əsasında fəaliyyət göstərən peşə təhsili müəssisələri yenidən qurulub, istifadəyə verilib və bunun sayəsində tələbə qəbulu iki dəfə artıb.
M.Kərimlinin sözlərinə görə, hazırda tələbələrin 39%-lik hissəsini qızlar təşkil edir:
"Ümid edirik ki, atılan addımlar sayəsində bu rəqəm daha da artacaq. Bilirik ki, peşə təhsili yalnız hazır işçi qüvvəsinin hazırlanması məqsədini daşımır. Eyni zamanda ali təhsilə keçidi düşünənlər üçün də körpü rolu oynayır.
Peşə təhsili eyni zamanda regionların sosial-iqtisadi inkişafı üçün böyük önəm daşıyır. Bu, həm işğaldan azad olunmuş bölgələrə, həm də Naxçıvan Muxtar Respublikasına aiddir. Naxçıvanda peşə təhsili müəssisələrinin fəaliyyətə başlaması müsbət nəticələr verir".
Onun sözlərinə görə, peşə təhsilində adambaşına maliyyələşmə mexanizminə keçid isə imkanları genişləndirir:
"Bu, keyfiyyətin artırılmasına, çevik idarəetməyə, nəticəəsaslı planlamaya xidmət edir".
Aygün Mirakif