“Qapılar bağlanır, növbəti stansiya “Elmlər Akademiyası”… Bu sözləri Bakı metrosunda hər gün eşidirik. Qulağımıza necə deyərlər, “sırğa olan” bu bir neçə kəlmədən yəqin ki, kimsə əsəb gərginliyi keçirmir. Çünki hamı o səsə çoxdan öyrəşib. Bəs o məlahətli səsin sahibi kimdir?
Oxu.Az xəbər verir ki, Modern.az saytı bu “sehrli səsin” sahibinin kimliyini dəqiqləşdirməyə çalışıb.
“Bakı Metropoliteni” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çoxlarını maraqlandıran səs sahibinin adını açıqlayıb. O, Modern.az-a deyib ki, metro qatarı hər dəfə yola düşəndə sərnişinləri qapıların bağlanacağından və qarşıda hansı növbəti stansiyanın gələcəyindən xəbərdar edən “gözəgörünməz xanım” İradə Ələkbərqızıdır.
Modern.az-a o da məlum olub ki, İradə Ələkbərqızı həm də “Azərlotereya”nın oyunlarında tirajlar barədə məlumatları səsləndirən xanımdır.
İradə Ələkbərqızı Ağayeva 2006-cı ildə Milli Teleradio günündə - Azərbaycanda radionun yaranmasının 80, televiziyanın yaranmasının isə 50 illiyi münasibətilə ölkə başçısının sərəncamı əsasında “Əməkdar artist” fəxri adına layiq görülüb. Televiziyada efir mətnlərini səsləndirən İradə xanım heç vaxt görüntülənmir…