"Ananın vəziyyəti stabildir. Körpə 36 həftəlik doğulduğu üçün vaxtından əvvəl doğuş hesab edilir".
Bunu Oxu.Az-a açıqlamasında metronun "20 Yanvar" stansiyasında dünyaya gələn uşağın səhhəti ilə bağlı danışan Respublika Klinik Xəstəxanasının Patoloji Hamiləlik şöbəsinin müdiri Xatirə Həsənova deyib.

O qeyd edib ki, körpə yenidoğulmuşların intensiv palatasına yerləşdirilib, vəziyyəti orta-ağırdır:
"Çəkisi 2 kiloqram 200 qram, boyu isə 47 santimetrdir".
Şöbə müdiri əlavə edib ki, hər bir doğuş prosesində gözlənilməz ağırlaşmalar baş verə bilər və bu risklərin qarşısını almaq üçün mütləq şəkildə mütəxəssislərin iştirakı vacibdir:
"Təbii ki, xəstəxana şəraitində doğuş daha güvənlidir. Doğuş zamanı ginekoloq, mama-ginekoloq və eyni zamanda neonatoloqun iştirakı çox önəmlidir. Bu, həm ananın, həm də körpənin sağlamlığını qorumaq baxımından zəruridir".
Məhərrəm Əliyev
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Əsmər İzzət qızı Məhərrəmova tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə, CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2 200 qram, boyu 47 sm, kişi cinslidir.
Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra, təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb.
Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub.
Hərəkət xidmətinin rəisi Anar Zamanov Bakı Metropoliteninin körpəyə xüsusi hədiyyəsini açıqlayıb:
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ "xüsusi sərnişini" olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək".


"Gəlinimi səhər tezdən həkim müayinəsinə aparırdım. Hadisə gözlənilməz oldu".
Bu fikirləri Oxu.Az-a açıqlamasında metronun "20 Yanvar" stansiyasında dünyaya gələn uşağın nənəsi Sevil Məhərrəmova deyib.
O qeyd edib ki, metroda təxminən altı dəqiqəlik yol qalmışdı ki, qəfildən gəlinində ağrılar yaranıb:

"Hamı kömək elədi - mağazada işləyənlər, metro işçiləri, sərnişinlər və sair. Allah hamısından razı olsun".
Nənə bildirib ki, bu, gəlininin ikinci hamiləliyidir:
"Kimisi su gətirdi, kimisi paltar, kimisi dəsmal verirdi. Doğuş prosesi metroda baş verdi, hər şey nəzarət altında idi.
Adını Cəsur qoymağı düşünürük. İndi əsas odur ki, hər ikisi də sağ-salamatdır".
Məhərrəm Əliyev
Metronun "20 Yanvar" stansiyasında doğuş edən ananın və körpənin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ana və körpənin vəziyyəti stabildir:
"Avqustun 8-i saat 07:40-da Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2.200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir".
Aygün Mirakif
"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi hədiyyəsi olacaq".
Bunu Oxu.Az açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, hədiyyənin nə olacağını demək üçün hələ tezdir.
Qeyd edək ki, "20 Yanvar" stansiyasında dünyaya gəlmiş körpənin gələcəkdə gediş haqqının ödənişsiz olması ilə bağlı təkliflər səsləndirilib.
Məhərrəm Əliyev
Bu gün metronun "20 Yanvar" stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, hadisə saat 07:40-da baş verib:
"Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar".