Bir neçə ay əvvəl Bakının orta məktəbinə çox gənc xanımın direktor təyin olunması xəbərini yazarkən çox sevinmişdik.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Günel Rəcəbovanın 28 yaşında direktor təyin olunması, nəhayət, şagirdlərimizin “əsalı təhsil”dən yaxa qurtarması, gəncliyin artıq təhsilə yol açması ümidi yaratmışdı.
Amma gənc direktorun məktəbindən daxil olan şikayət nə təhsillə bağlı idi, nə də cavanlıqla.
Şikayət edən həmin məktəbdə övladı təhsil alan gənc ana idi.
O yazırdı ki, Yasamal rayonundakı 60 saylı orta məktəbin yaşlı qapıçısı gənc analar üçün əsl problem olub. İmkan düşəndə, məktəbin girişində, dəhlizində, pilləkənində, fərq etməz, valideynlərə yaxınlaşaraq siqaret və ya içki alması üçün pul istəyir. Pulu istəyərkən isə başqa valideyndən aldığı pulun təsiri canından çıxmamış, görünür, sərxoş vəziyyətdə olur.
Direktor Günel Rəcəbova həmin kişi haqqında şikayət olduğunu bildirəndə ilk olaraq həmin şəxsin içki içməsinin mümkünsüz olduğunu dedi: “Əvvəllər içirdi, indi isə içmir. Məktəbin mühafizəsini isə özəl şirkətin əməkdaşı həyata keçirir”.
Bu cavabdan sonra direktora valideynin şikayətini telefon vasitəsilə bir az təfsilatlı nəql etməli olduq:
“Bu gün valideynin qarşısını kəsib, 5 manat alıb. Ağzından içki iyi gəlirdi. Gözləri isə qaynayırdı” deyəndən sonra G.Rəcəbova “aydın oldu, həmin şəxsi çağırtdırıb tənbeh edərəm” dedi.
Qeyd edək ki, sentyabrın 22-də Mikayıl Cabbarovun əmri ilə Yasamal rayonu, 60 saylı orta məktəbə 28 yaşlı Günel Rəcəbova direktor təyin edilib. Rəcəbova bundan əvvəl isə Bakı British School-da direktor müavini işləyib.