Azərbaycan Respublikasının Milli Qəhrəmanı Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub.
O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1976-1979-cu illərdə Azərbaycan SSRİ Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin Nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə Təhlükəsizlik Orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub. Təhlükəsizlik Orqanlarında qüsursuz fəaliyyəti və xidmətdə əldə etdiyi önəmli nəticələrə görə dəfələrlə təşəkkürə, həmçinin 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin 70-ci ildönümünə həsr olunmuş xatirə medalına layiq görülüb.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib, bir sıra kəndləri düşmən tapdağından azad edib, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti və igidliyi ilə seçilən R.Əhmədov 1992-ci il yanvar ayının 25-də “Daşaltı əməliyyatı”nın gedişində itkin düşüb.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 07 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Əhmədov Riad Fikrət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Hazırda 203 saylı orta məktəb onun adını daşıyır.