Nizami rayon Polis İdarəsi, 25-ci Polis Bölməsinin rəisi KİV-də yayılmış məlumata münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Lent.az məsələ ilə bağlı 25-ci Polis Bölməsinin rəisi, polis polkovniki Rafail Albabayevlə əlaqə saxlayıb.
R.Albabayev bildirib ki, “Qoraddel” rəisinin bölmədə yoxlama aparması və əməkdaşları avtobuslarla aparması xəbəri həqiqəti əks etdirmir: “Bu necə ola bilər axı? Heç Mirqafar müəllim bizim bölmədə olmayıb, yoxlama aparmayıb. Bütün bunlar uydurma söhbətlərdir”.
R.Albabayev onu da bildirib ki, polis bölməsinin əməkdaşları hamılıqla hər il iki dəfə Daxili İşlər Nazirliyinin klinikasında müvafiq analizləri verirlər.
14:36
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov paytaxt polisinin fəaliyyətini araşdırmağa davam edir.
Oxu.Az xəbər verir ki, Publika.az-a daxil olan məlumata görə, BŞBPİ-nin yeni rəisi bir neçə gün öncə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində olub.
İddiaya görə, qəfil bölmənin binasına gələn Mirqafar Seyidov polis əməkdaşlarına 2 iritutumlu avtobusa minmələrini əmr edib.
Çaşbaş qalan, nəyin baş verdiyini anlamayan bölmənin bütün şəxsi heyəti general-mayorun göstərişinə əməl etməli olublar.
Verilən məlumatda bildirilir ki, Mirqafar Seyidov 25-ci polis bölməsinin əməkdaşlarını qan analizi vermələri üçün özü ilə birlikdə Respublika Narkoloji Dispanserə aparıb. Ciddi nəzarət altında baş tutan analizin nəticələri barədə məlumat verilməyib.
BŞBPİ-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, onlarda bununla bağlı məlumat yoxdur.
“Əgər belə bir yoxlama olubsa, nəticələri açıqlanacaq”.
E.Ə.
www.oxu.az