Misirin aparıcı və geniş oxucu kütləsinə malik “Youm7” və “Akhbarelyom” qəzetlərində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar səfir Şahin Abdullayevin məqaləsi dərc edilib.
Oxu.Az itv.az-a istinadən xəbər verir ki, 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edən səfir, eyni zamanda Misirdə baş vermiş 2011-ci il 25 Yanvar hadisələri ilə müqayisə aparıb. Diplomat Misir ordusundan fərqli olaraq, XI Qızıl ordunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişinə qarşı ağır texnikadan və iri çaplı odlu silahlardan istifadə etdiyini vurğulayıb. Azadlıq və müstəqillik istəyi ilə bərabər, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi vəhşiliklərin müqabilində Sovet rəhbərliyinin etinasızlığının da 20 Yanvar ərəfəsində Azərbaycan xalqının haqlı narazılığına səbəb olan amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırıb.
O zaman Sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 147 nəfərin qətlə yetirildiyi, 700-dən artıq insanın isə yaralandığı barədə oxuculara məlumat verən səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu qeyd edib.
Müəllif müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan xalqının müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç zaman büdrəmədiyini qeyd edib, oxuculara Azərbaycanın bu gün öz inkişaf göstəricilərinə görə regionun aparıcı və lider dövləti olduğunu diqqətə çatdırıb.