Bakının Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfrans başlayıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, paytaxtın Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İH başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Moldova ombudsmanı Aureliya Qriqoriu, Azərbaycanda akkreditə olunmuş səfirlər, YAP funksionerləri, Milli Məclisin deputatları iştirak ediblər.
Əvvəlcə qonaqlar Xocalı soyqırımı ilə bağlı yaradılan sərgi ilə tanış olublar. Daha sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım barədə sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriu bəyan edib ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. O hesab edir ki, XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını törədənlər beynəlxalq Haaqa məhkəməsi qarşısında mühakimə olunmalıdır:
“Hüquq müdafiəçisi kimi deyə bilərəm ki, insanlığa qarşı faciənin arxasında heç bir səbəb dayanmır. Bütün beynəlxalq sənədlərdə insanların kütləvi şəkildə qətlə yetirilməsi ən ağır cinayət hesab edilir. Bilirsiniz ki, Rusiyanın və ya Ermənistanın məhkəmələri öz sərhədləri çərçivəsində bu cinayəti törədənləri izləyib tapmayacaq. Odur ki, beynəlxalq aləm bu soyqırıma hüquqi qiymət verməlidir”.