Bu gün 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Oxu.Az-a verilən məlumata görə, İclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Teleradio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
MTRŞ-nin qərarına əsasən, “Televiziya və radio yayımı haqqında” Qanununun 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır), 35.7 (Reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20, ayrılıqda reklamın ümumi həcmi isə gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 15 faizindən çox ola bilməz), 35.8-ci (Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz) maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilib.