Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yaqub Mahmudov bu gün 75 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, Mahmudov Yaqub Mikayıl oğlu 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləyib. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Bakı Dövlət Universitetində dosent, kafedra müdiri, tarix fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
1986-2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı olub. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci çağırış (2000 - 2005), ikinci çağırış (2005 - 2010) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2010-cu ilin noyabrında 113 saylı Şəki şəhər seçki dairəsindən yenidən parlamentin deputatı seçilib. Milli Məclisin sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilib.
700-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir.
Ailəlidir, 3 övladı var.
Aytən Sadıqzadə
www.oxu.az