Azərbaycan Ordusunun ayıq-sayıqlığı nəticəsində erməni tərəfinin təxribatları vaxtında aşkarlanıb və qətiyyətlə qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən açıqlamada cəbhə xəttindəki hazırkı vəziyyətə də aydınlıq gətirilib.
“Erməni kəşfiyyat diversiya qrupu döyüşçülərimizin igidliyi sayəsində itki verərək geri çəkilməyə məcbur edilib”.
Qeyd edək ki, ötən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb.
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib. Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub. Döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu ölümündən sonra “İgidliyə görə” medalı verilməsinə təqdim olunub.
Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti ağırdır, həkimlərin nəzarəti altındadır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə gizir Abilov Xudaverdi Fərhad oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət sabitdir və vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.