"WUF13-ə ev sahibliyi etmək Prezidentin rəhbərliyi altında Azərbaycanın dayanıqlı inkişafın, iqlim fəaliyyəti və çoxtərəfli əməkdaşlığın təşviqində oynadığı fəal rolun artan xətlə beynəlxalq səviyyədə tanınmasını əks etdirir".
Oxu.Az xəbər verir ki, bu sözləri COP29-un prezidenti Muxtar Babayev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda keçirilən tədbir zamanı videomüraciətində bildirib.
O deyib ki, COP29 Bakı Azərbaycanın qlobal iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə güclü sadiqliyini nümayiş etdirib:
"Tədbir iqlim maliyyələşməsi, adaptasiya və icra sahələrində mühüm nəticələr verdi, eyni zamanda artan iqlim riskləri ilə üzləşən şəhərlərdə və icmalarda dayanıqlığın gücləndirilməsi ehtiyacını vurğuladı.
Bu gün dünya artan geosiyasi parçalanma, ekoloji təzyiqlər və sürətlənən iqlim təsirləri ilə üz-üzədir. İqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını yenidən formalaşdırır".
O əlavə edib ki, ekstremal hava hadisələri daha tez-tez və güclü olur, proqnozlaşdırılması da çətinləşir:
"Son onillik tarixdə qeydə alınmış ən isti dövr olub. Son üç il isə qlobal miqyasda indiyədək müşahidə olunan ən isti illər kimi qeydə alınıb.
Şəhərlər bu təsirlərin getdikcə daha çox mərkəzinə çevrilir. Daşqınlar, istilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri artıq infrastrukturun zədələnməsinə, vacib xidmətlərin pozulmasına və dünyada milyonlarla insanın həyatına təsir göstərir.
Erkən xəbərdarlıq sistemləri iqlimlə bağlı fəlakətlər zamanı insan itkilərini və xəsarətləri azaltmağa, iqtisadi zərərləri minimuma endirməyə və kritik infrastrukturu qorumağa kömək edir. Araşdırmalar göstərir ki, təhlükəli hadisədən cəmi 24 saat əvvəl verilən xəbərdarlıq itki və zərərləri 30 faizə qədər azalda bilər.
Lakin rəqəmlərdən əlavə, erkən xəbərdarlıq sistemləri həyat xilas edir. Onlar hazırlıq səviyyəsini gücləndirir, hökumətlərə məlumatlı və elmi əsaslı qərarlar qəbul etməyə kömək edir və xüsusilə ən həssas icmaların dayanıqlığını artırır.
Bütün dünyada əhəmiyyətli irəliləyişlərə baxmayaraq, hələ də bir sıra çətinliklər qalmaqdadır. Bunlara maliyyə və institusional imkanların məhdudluğu daxildir".