Bakı sakinlərinin əksəriyyəti artıq Nizami muzeyinin yaxınlığında yerləşdirilən balaca taxta evlərə diqqət yetirsələr də, həmin evlərin burada olmasının məqsədini hələ bilmirlər. Bəli, siz yanılmadınız, bizi əsl Yeni il sürprizi gözləyir. Azərbaycanın aparıcı və dəbli “Nargis” jurnalı “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasını təşkil edir.
Oxu.Az xəbər verir ki, 13 - 20 dekabr tarixlərində yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram abu-havasından həzz alacaq, Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələr əldə edə biləcəklər.
Yarmarkanın rəsmi açılışı 14 dekabr saat 19:00-da baş tutacaq.
“Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova, tədbirə dəvət olunmuş ulduz Mir Yusif lal-karlar üçün 3 saylı internatın istedadlı uşaqları ilə birgə təntənəli gecəni açıq elan edəcəklər. Burada İnternatda tərbiyə alan uşaqların əl işləri satışa çıxarılacaq. Süvenirlərin əldə olunması və ləziz yeməklərdən başqa burada sizi Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə ki, Şaxta baba ilə Qar qız gözləyəcək.
Hər gün saat 12:00-dan qonaqlar Yeni il xitlərindən həzz alacaq, isti şokolad içəcək və “Nargis” jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulacaqlar.
Cümə günü, 20 dekabr tarixində yarmarkanın təntənəli bağlanışı olacaq. Bağlanış çərçivəsində hər qonaq lotereyada iştirak edib “Nargis” jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə etmək şansını qazanacaqlar. Bu hədiyyələr arasında tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet və əsas priz olaraq Pasha Travel-dən Dubaydakı 5 ulduzlu otellərin birinə bilet oynanılacaq.
Miroslava Duma “Buro 24/7” kimi tanınmış dəbli saytın azərbaycan versiyasının açılışı ərəfəsində sərgiyə təşrif buyuracaq və gecənin xüsusi qonağı olacaq.
İnternat uşaqlarının arzularını həyata keçirmək şansını qaçırmayın. Gəlin hər birimiz Şaxta Baba olaq!
“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru Bank Technique-dir.
Qeyd edək ki, Oxu.Az tədbirə informasiya dəstəyi göstərir.