“Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin oğruların pulu polisə qaytarması ilə bağlı səsləndirdikləri fikirlərə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, rəis müavini bildirib ki, oğruya yox, polisə inanmaq lazımdır:
“Oğru olmayan adam oğruya inanmaz. Oğruya ancaq oğrular inana bilər. Polisin davranışından necə narazı qalmaq olar ki, o cür quldurluq hadisəsi baş verir və polis bir saat sonra yüksək peşəkarlıqla keçirdiyi tədbir nəticəsində şübhəli bilinən hər iki şəxsi tutaraq istintaqa təqdim edir.
Elə həmin gün də Nərimanov Rayon Polis İdarəsində quldurluq maddəsi ilə cinayət işi qaldırılıb və hal-hazırda istintaq gedir. İstintaq başa çatmamış hər hansı bir proqnoz vermək düzgün deyil. İstintaq hər şeyə aydınlıq gətirəcək. Eyni zamanda Hacı İbrahimin iddiasına da istintaq aydınlıq gətirəcək”.
Xatırladaq ki, bu oğurluğu “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin mühafizə xidmətinin əməkdaşları Füzuli Nəbiyev və Əlizamin Əliyev törədiblər. F.Nəbiyev Hacı İbrahimin şəxsi mühafizə xidmətinin rəhbəri olub. Füzuli “Avesta”ya 7 nəfərlik dəstə ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Hər iki şəxs “Avesta”nın kassirinin boğazına bıçaq dirəyərək kassada olan 135 min manatı ondan zorla alıb və hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, Hacı İbrahim bundan öncəki açıqlamasında məsələ ilə bağlı polisin davranışından narazı qaldığını bildirmişdi: “Oğrular deyiblər ki, oğurladıqları pulun 95 minini polislərə veriblər, polis isə onlarda cəmi 30 min manat olduğunu deyir. Mən başa düşə bilmirəm, polis niyə belə davranır?! Pulun 1 manatı da bizə qaytarılmayıb. Yəqin heç qaytarılmayacaq da. Oğurluq faktı qalıb bir tərəfdə, hüquq-mühafizə orqanları pulun dalınca düşüb. Hamı pulla maraqlanır”.