Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova Mustafa Sübhi küçəsinin adının dəyişdirilib Nabat xanım Aşurbəyovanın adının verilməsi üçün müvafiq sərəncam verməsini xahiş edib. Bakı meri isə şeyxin məktubuna cavabı çox gözlətməyib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova bildirib ki, hər hansı küçəyə ad verilməsi ölkə prezidentinin sərəncamı əsasında olur.
Onun sözlərinə görə, İcra Hakimiyyətinin belə bir səlahiyyəti yoxdur.
“Hər hansı bir küçənin adının dəyişdirilməsi məsələsi ölkə rəhbərliyi və ya Nazirlər Kabinetinin sərəncamı əsasında aparılır. İcra Hakimiyyətinin belə bir səlahiyyəti yoxdur. Küçə adı ilə bağlı lövhələrin düzəldilməsi ilə Əmlak Komitəsi məşğul olur. Odur ki, bu məsələnin İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur”, – deyə Nuranə Mərdanova bildirib.