“National Geographic Azərbaycan” jurnalı yerli fotoqraflarla daha geniş əməkdaşlıq etmək, onları jurnalın iş prinsipləri və materiallara olan tələblərlə tanış etmək məqsədi ilə 23-24 iyul 2015-ci il tarixlərində Bakı şəhərində “National Geographic Fotoqrafı - Arzuladığınız İş” mövzusunda master-klass təşkil edib.
Oxu.Az xəbər verir ki, tədbirdə 20-dən artıq fotoqraf bu peşənin incəlikləri barədə ətraflı bilgi əldə etmək şansı qazanıb.
Yerli fotoqrafların müxtəlif mövzularda təkmilləşməsinə kömək məqsədilə təşkil olunmuş master-klass Rusiya Federasiyasından dəvət olunmuş məşhur fotoqraf Viktor Lyaquşkin tərəfindən keçirilib. “National Geographic Россия” jurnalının fotoqrafı olan Viktor eyni zamanda, rəsmi Nikon fotoqrafıdır və Avropa və ABŞ-ın bir sıra şəhərlərində onun sərgiləri təşkil olunub. Tədbirdə həmçinin “National Geographic Россия” jurnalınn baş redaktoru Aleksandr Qrek və dərginin jurnalisti Boqdano Vaşenko iştirak edib.
Nəzəri və praktiki olmaqla ikigünlük master-klassın ilk günündə söz alan A.Qrek və B.Vaşenko jurnalın strukturu və fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. “National Geographic” jurnalının strukturu, missiyası, onun yerli nəşrləri, rubrikaları və əsas prinsipləri barədə ətraflı məlumat verən V.Lyaquşkin dünyaca məşhur bu jurnal üçün işlədiyi müxtəlif layihələr barədə də iştirakçılara geniş məlumat verib.
Əsasən sualtı fotoçəkiliş üzrə ixtisaslaşmış fotoqraf auditoriyanı bu cür çəkiliş üçün istifadə olunan yüksək səviyyəli cihazlarla əyani tanış edib.
Nəzəri hissə bitdikdən sonra fotoqraflara müxtəlif mövzular barədə ev tapşırığı təqdim edilib.
Tədbirin ikinci, praktiki günündə fotoqrafların çəkdiyi fotoşəkillər müzakirə edilib, onlara müxtəlif istiqamətlərdə dəyərli tövsiyələr verilib.
Yerli fotoqrafların müxtəlif sahələrdə inkişafına və onların jurnalla daha sıx əməkdaşlıq etməsinə imkan yaratmaq məqsədilə “National Geographic Azərbaycan” gələcəkdə də bu cür layihələr həyata keçirməkdə davam edəcək. Jurnalı Facebook səhifəsindən izləyin: https://www.facebook.com/natgeoaz